Seçki-2024
“Uğurlu siyasətin davamına səs verək!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bugünkü müstəqil, qüdrətli və inkişaf etmiş Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “Məhz Ümummilli Liderin Azərbaycanın idarəçiliyinə yenidən qayıdışından sonra dövlətimiz üçün yeni dövrün başlanğıcı qoyuldu. Bu siyasi xətlə bu günədək uğurla inkişaf edir və tərəqqi yoluna qətiyyətlə addıımlayırıq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişafımız daha da sürətlənib, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüz tam bərpa edilib”.
Çıxışının sonunda V.İsmayılov deputatlığa namizəd haqqında seçicilərə məlumat verib.
Görüşdə deputatlığa namizəd Hümbət Hüseynov çıxış edərək bildirib ki, dövlət başçısı İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regional iqtisadi layihələrin gerçəkləşməsi nəticəsində ölkəmizin iqtisadi gücü daha da artıb, bütün sahələrin inkişafına əsaslı zəmin yaranıb: “Artıq Azərbaycan nefti və qazı dünyanın bir çox ölkələrinə ixrac olunmaqla ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır. Bu uğurlarımız bütün sahələri əhatə edir və bu, qürurvericidir”.
O, səsvermə hüququ olan bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüş iştirakçılarından İman Abdıyev, Ağabala Musayev, Rafiq Rzayev və digərləri çıxışında vurğulayıblar ki, heç bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı xidmətlərini unutmamalı və bu siyasi kursun davamı üçün daim dəstək olmalıdır.
Çıxışçılar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.