Seçki-2024
“Xalq-Lider birliyi milli tərəqqinin qarantıdır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səliqə İsmayılovanın YAP Zərdab rayon təşkilatının qərargahında qadın seçicilərlə görüşü keçirilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni zirvələr fəth edir: “Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb, qalib və qüdrətli dövlət kimi tanınır. Bu, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”.
Deputatlığa namizəd Səliqə İsmayılova YAP-ın seçki platforması haqqında məlumat verib. “Xalq-Lider birliyi milli tərəqqinin qarantıdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan uğurların nəticəsidir ki, respublikamızın qüdrəti və beynəlxalq miqyasda nüfuzu daha da artıb. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”, - deyə deputatlığa namizəd bildirib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Gülnaz Məmmədova və Xalidə Xəlilova Azərbaycanın tərəqqisində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Azərbaycanın gələcək uğurları naminə Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə səs verəcəklərini vurğulayıblar.
Deputatlığa namizəd Səliqə İsmayılova, həmçinin Zərdab şəhər Heydər Əliyev parkında seçicilərlə görüş keçirib.