Seçki-2024
Çoxşaxəli islahatlar Azərbaycanın yüksəlişinə xidmət edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da qarşıda duran milli hədəflərin reallaşmasına öz töhfələrini verəcəkdir.
Deputatlığa namizəd Hikmət Məmmədov YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasına və ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir”.
Görüş iştirakçıları çıxış edərək ümumxalq etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.