Seçki-2024
Seçicilərin mövqeyi önəmlidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İsrafil Məmmədovun İmişli rayon Bəcirəvan və Ağcüyür kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev qeyd edib ki, Azərbaycan mühüm bir siyasi hadisə ərəfəsindədir: “Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir”.
Çıxış edən YAP-ın 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi İsrafil Məmmədov, əvvəlcə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək: “Bu bizim üçün şərəf və qürurdur, bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir”. Deputatlığa namizəd deyib ki, hər bir seçicinin mövqeyi YAP və dövlət üçün çox önəmlidir.
İsrafil Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Əzimi İsmayılzadə, Nofəl Atakişiyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.