Seçki-2024
Füzuli seçiciləri ilə görüşlər davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Namiq Məmmədovun Bala Bəhmənli kəndindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbə qazandığını bildirib.
Daha sonra rayon təşkilatının sədri deputatlığa namizəd Namiq Məmmədov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Namiq Məmmədov bildirib ki, bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurlar gələcək inkişafımızın zəmanətidir: “Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivlərini də hədəfləyir”.
N.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin Aprel şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək partiyanın mövqeyini dəstəklədiyini bildirib.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.