Seçki-2024
YAP gücünü xalqdan alır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayonu, Mehdixanlı və Seyid Yusifli kəndində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov bildirib ki, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin ideyalarına, Dahi Liderin milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurduğunu bildirib. O, YAP-ın növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün böyük əhəmiyyətə malikdir. O, əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni nailiyyətlərə imza atacaq.
Görüşlərdə təşviqat qrupunun üzvü, şəhid anası Mehparə Qəribova çıxış edib.
Mehdixanlı kəndindən olan seçicilər Əhliman Məmmədov, Mahmud Məhərrəmov, qazi Yunis Əhmədov, Seyid Yusifli kəndindən Möhübbət Əliyev, Nizami Qiyasov və digərləri də bəyan ediblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra isə deputatlığa namizəd Fatma Yıldırım Bərdə şəhəri, Bakı küçəsində yaşayan Simuzər Əliyevanın, Seyid Yusifli kəndində Səbuhi Yusifovun evində olub, Mehdixanlı kəndində isə şəhid Mirsədi Bağırlının ailəsini ziyarət edib.