Seçki-2024
“Xalqın seçimi yenə də Yeni Azərbaycan Partiyası olacaq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayonunda seçicilərlə növbəti görüşü keçirilib.
YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb: “Bu günə qədər əldə edilən nailiyyətlər və qazanılan uğurlar deməyə əsas verir ki, bu seçkilərdə də xalqın seçimi yenə də Yeni Azərbaycan Partiyası olacaq”.
Deputatlığa namizəd Səyyad Salahlı artıq 30 ildən çoxdur ki, Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan bəhs edib. O bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız tərəqqi yolunda inamla irəliləyir: “Azərbaycan uğurla inkişaf edərək regionun lider dövlətinə çevrilib. Qarşıda duran hədəflərin reallaşdırılması ölkəmizin milli gücünü daha da artıracaq”.
Tədbirdə Lalə Heydərova, Şakir Quliyev, Lətifə İmanova və digərləri çıxış edərək seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.