Seçki-2024
Demokratiyanın növbəti təntənəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Leyla Babışovanın YAP Şuşa rayon təşkilatının qərargahında Xocavənd rayon seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Prezident İlham Əliyevin uzaqgörən siyasəti və apardığı uğurlu islahatlar nəticəsində bu gün Azərbaycanın yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biri olduğunu deyib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Leyla Babışova Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən danışıb. O, xalqımızın tarixi Zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.
Təşviqat qrupunun üzvü Zamiq Əliyev və digərləri bildiriblər ki, qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstəriləcəyi şübhəsizdir.
Həmin gün Leyla Babışova Sumqayıt şəhərində məskunlaşmış Ağdam rayonundan olan seçicilərlə də görüşüb.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışıb, əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb.
Deputatlığa namizəd Leyla Babışova seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.
Görüş iştirakçısı Coşqun Hüseynov və başqaları da seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıblar.