Seçki-2024
YAP qələbələr partiyasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin Abşeron rayonu, Xırdalan şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı, rolu var: “YAP daim Azərbaycan dövlətinin, xalqının bugünü və gələcəyi üçün çalışıb və bunu atdığı addımları ilə təsdiqləyir”.
Deputatlığa namizəd Faiq Xudayev Yeni Azərbaycan Partiyasının ölkəmizdə cərəyan edən bütün proseslərin mərkəzində dayandığını önə çəkərək qeyd edib ki, partiyanın seçki platformasında uğurlarımız və hədəflərimiz əsaslı şəkildə seçicilərə çatdırılıb. Seçki platformasında qeyd edildiyi kimi, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək.
F.Xudayev seçiciləri parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasına milyonların sevgisindən bəhs ediblər. Onlar 1 sentyabr - parlament seçkilərində fəal olacaqlarını və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.