YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP milli maraqları daim üstün tutur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonu, Yenikənd, Qaraağaclı və Köbər kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan deputatlığa namizədin nümayəndəsi Elnur Tağıyev bildirib ki, YAP həmişə bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb: “YAP-a xalqın inamı və etimadı sonsuzdur. Çünki partiya bu etimadı yarandığı gündən doğruldub. Yaranmasından sonra çox qısa zamanda iqtidar partiyasına çevrilən YAP-a xalqın sevgisi böyükdür. Söylənilənləri ölkəmizdə keçirilən seçkilərdə xalqın partiyaya, həyata keçirilən siyasətə dəstəyi də təsdiqləyir”.

Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən M.Qurbanlı ölkəmizin hazırki reallıqlara müasir çağırışlarla qədəm qoyduğunu bildirib.

Çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verəcəklər.

Görüş zamanı həmçinin seçicilərin arzu və istəkləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd M.Qurbanlı Köbər kəndində şəhid məzarını da ziyarət edib.