Seçki-2024
Uğurların davamı naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Qaradağ rayonu, Qobu Park-2 ərazisində məskunlaşmış ağdamlı seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını bildirib.
Deputatlığa namizəd Elman Məmmədov görüş zamanı müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.
Namizəd Elman Məmmədov seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Tədbirdə Birinci Qarabağ müharibəsinin qazisi Əbil Zeynalov və başqaları çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.