Seçki-2024
Düzgün və məqsədyönlü siyasət
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax şəhər B.Səfəroğlu adına teatrın binasında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti ilə firavan və xoşbəxt gələcəyə doğru inamla addımlayır. Bildirib ki, dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayan T.İsmayılov partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Deputatlığa namizəd İlham Məmmədov çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq parlament seçkilərində iştirak etdiyi üçün çox qürurludur: “Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası keçmişdə olduğu kimi, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqla sübuta yetirib ki, YAP xalqın qələbələr partiyasıdır”.
Sonra İ.Məmmədov YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verib, onları Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.
Seçicilər öz növbəsində 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, İlham Məmmədov həmin gün YAP Yevlax rayon təşkilatının qərargahında, həmçinin, Yevlax şəhəri ərazisində bir qrup seçici ilə görüş keçirib.