Seçki-2024
Azərbaycanı zəfərlərə aparan siyasət
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonu, Kürsəngi, Birinci Varlı, İkinci Varlı və Peyk kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Azərbaycan qüdrətli, sarsılmaz və böyük nüfuz sahibi olan dövlət kimi dünyada tanınır, böyük uğurlara imza atır. O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası böyük tarixi nailiyyətdir. Qeyd olunub ki, sarsılmaz birlik, xalqın öz Liderinə sonsuz inamı Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.
Həmçinin, görüşdə şəhid anası Pakizə Həmidova, şəhid atası İsaxan İmanov, təşviqat qrupunun üzvü Faiq Zərbalıyev, kənd sakinləri İslam Hüseynov, Habil Qurbanov və digərləri çıxış ediblər. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar və bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.
Qeyd edək ki, deputatlığa namizəd Sadiq Qurbanov rayonun Kürsəngi kəndində şəhid Əmrah Həmidovun və şəhid Səməndər İmanovun, İkinci Varlı kəndində isə şəhid Emin Nəzərovun ailələrini ziyarət edib, Birinci Varlı və Peyk kəndlərində fərdi görüşlər də keçirib.