Seçki-2024
İnkişaf yolunda uğurlu addımlar
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yuxarı Bucaq, Aşağı Bucaq, Əxşam, Cırdaxan və Gülövşə kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov bildirib ki, Azərbaycan Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla, uğurla addımlayır. Azərbaycan xalqı hər zaman olduğu kimi cənab İlham Əliyevin rəhbərlik etdiyi güclü, alternativi olmayan Yeni Azərbaycan Partiyasını dəstəkləyir və ölkəmizdəki xalq-iqtidar birliyimiz sarsılmazdır.
O, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Əli Hüseynli isə qeyd edib ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında böyük inkişaf yolu keçib: “Sosial, iqtisadi, ictimai, siyasi və digər bütün sahələrdə əldə etdiyimiz nailiyyətlərə görə məhz hər birimiz Ulu Öndərimiz Heydər Əliyevə və Onun müdrik siyasətini layiqincə davam etdirən, qalib Sərkərdəmiz İlham Əliyevə minnətdarıq. Bu gün Azərbaycan öz milli hədəflərinə uğurla çatıb ki, bu da bizim bölünməz xalq kimi sarsılmaz və qüdrətli olduğumuzu bütün dünyaya sübut etmişdir”.
Əli Hüseynli seçiciləri müstəqil Azərbaycanın bu gün olduğu kimi gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və qalib olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Qeyd edək, deputatlığa namizəd yevlaxın Varvara, Havarlı, Marzılı kəndlərində yaşayan şəhid ailələrini də ziyarət edib.