Seçki-2024
YAP böyük uğurlara imza atmaqdadır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Xanərəb və Şahvəlilər kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan YAP-ın qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdiyini bildirib.
O, deputatlığa namizəd Xanlar Fətiyev haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev bildirib ki, bu gün ölkənin siyasi həyatında YAP qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. O, vurğulayıb ki, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.
Görüşlərdə təşviqat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova çıxış edərək, qalib Azərbaycanımızın bundan sonra daha da inamla irəliyə doğru addımlayacağını, möhtəşəm uğurlara imza atacağını ifadə ediblər.
Çıxış edən seçicilər də YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev Xanərəb kəndində seçicilərlə fərdi görüşlər də keçirib.