Seçki-2024
Xalqa xidmət nümunəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mithad Sayadovun Şəki rayonu, Aşağı Göynük, Aşağı Layısqı, Baş Layısqı və Biləcik kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev Yeni Azərbaycan Partiyasının ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də fəal iştirak edəcəyini, respublika ərazisində hər bir seçki dairəsindən öz namizədini irəli sürdüyünü deyib. O, YAP-ın ən vacib məqsədinin Azərbaycan xalqına xidmət etmək olduğunu, buna görə namizədlərin də xüsusi diqqətlə seçildiyini qeyd edib.
YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov isə öz çıxışında 18 yaşına çatmış hər bir vətəndaşın seçkilərdə fəal iştirakının vacibliyini, Yeni Azərbaycan Partiyasının bu seçkilərə xalqın tələblərinə cavab verən namizədlərlə getdiyini xüsusi olaraq vurğulayıb. O, bununla yanaşı, namizədlərin öz təşviqat kampaniyasının təşkili üçün münbit şəraitin yaradıldığını, seçkilərin tam demokratik və xalqın iradəsini əks etdirəcək şəkildə keçiriləcəyinə əminliyini ifadə edib.
Deputatlığa namizəd Mithad Sayadov YAP-ın seçki platforması barədə məlumat verib. O, seçiləcəyi halda cəmiyyətimizi narahat edən məsələlərlə bağlı yorulmadan çalışacağını, üzərinə götürdüyü məsuliyyətin ağırlığını anladığını, xalqa xidmət etmək əzmi ilə deputatlığa namizəd olduğunu seçicilərin nəzərinə çatdırıb.
M.Sayadov əgər seçkilərdə qalib olarsa, seçiciləri ilə tam koordinasiyalı işləyəcəyini, onların bütün tələblərini səlahiyyəti çərçivəsində daim diqqətdə saxlayacağını qeyd edib.
Tədbirdə həmçinin, seçicilər Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu haqqında danışıb, görülən işlərin xalq tərəfindən dəstəkləndiyini və seçkilərdə iştirakın vacibliyi barədə fikirlərini bildiriblər.