Seçki-2024
Hər bir uğur yeni hədəfə çağırışdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonu, Yuxarı Əylis və Aşağı Əylis kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə YAP Ordubad rayon təşkilatının məsləhətçisi Ələmdar Cabbarov Ümummilli Lider Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın digər sahələr kimi, iqtisadi sahədə də böyük uğurlara imza atmasından geniş bəhs edib. Bildirib ki, məhz Azərbaycanın bu günü və gələcəyi üçün yaradılan möhkəm təməl hazırda ölkəmizin təkmil dirçəliş modeli ilə dünyanın diqqətində olmasını şərtləndirir. Bütün bu uğurlara addım-addım nail olan Azərbaycan suverenliyinin tam bərpa olunması ilə yeni dövrə qədəm qoyub. Hazırda bu dövrün reallıqlarını yaşayırıq.
Ələmdar Cabbarov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə diqqəti Yeni Azərbaycan Partiyasının seçki platformasında seçicilərə təqdim edilən uğurlara və hədəflərə yönəldib. Bildirib ki, qarşıdakı seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının bu uğurlarda böyük rolu vardır: “YAP-ın seçki platformasında qeyd olunduğu kimi, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə, zəfərlərlə zəngin dövrünə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il bir günlük lokal antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanı ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurub. Bu gün böyük qürur hissi ilə azad olunmuş torpaqlarda üçrəngli dövlət bayrağımızın dalğalanmasından, dirçəliş prosesinin uğurla həyata keçirilməsindən, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs vermələrindən, eyni zamanda, parlament seçkilərinə hazırlığından bəhs edirik. Hər bir uğur yeni hədəfə çağırışdır. YAP yeni dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirdiyi hədəfləri seçki platformasında seçicilərə təqdim edir”.
Vüqar Rəhimzadə bu hədəflərin zamanında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından Cəmilə İmanova, Tofiq Hüseynov, Lətifə Hümbətova və Yusif Qədirquliyev qalib, bütövləşən Azərbaycanın hər bir hədəfə doğru inamla irəlilədiyini bildiriblər. Onlar yeni dövrə yeni Azərbaycanla addımlamaq üçün seçiciləri səsvermə prosesində daha yüksək fəallıq nümayiş etdirməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.