Seçki-2024
Astara seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov seçicilərlə növbəti görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, tarixi inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.
Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib.
R.Mahmudov YAP-ın ölkəmizin siyasi həyatındakı yeri, dövlətçilik tariximizin Ulu Öndər Heydər Əliyev irsi ilə sıx bağlılığı və bu bağlılığın xalqımıza qazandırdığı uğurlardan danışıb: “Növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı, ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də şanlı tariximizdə öz yerini tutacaq”.
Tədbirdə Qadir Məmmədov, Ülkər Cəbiyeva, Orucəli Dadaşov, Fariz Rzayev, Qazi Elvin Qasımlı çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs vermək üçün 1 sentyabrda seçki məntəqələrinə gələrək seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıblar.
Çıxış edənlər seçicilər də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.