Seçki-2024
“İnamımız sonsuzdur!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun seçicilərlə görüşü keçirilib.
Deputatlığa namizəd Aydın Hüseynov Qaradağ rayonu, Çeyildağ qəsəbəsindən şəhid gizir Şahin Qədirovun atasını müalicə olunduğu xəstəxanada ziyarət edərək səhhəti ilə maraqlanıb. Şəhidin valideynləri Bayram Qədirov və Zərifə Qədirova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya bu kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə minnətdar olduqlarını, hər zaman dövlət siyasətini dəstəklədiklərini bildiriblər.
Sonra A.Hüseynov Sahil qəsəbəsi seçicisi, Qarabağ müharibəsi qazisi Mehman Soltanovu evində ziyarət edərək qayğı və problemləri ilə maraqlanıb. M.Soltanov və ailə üzvləri də Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini bildirərək dövlət səviyyəsində qazilərə göstərilən diqqətə görə təşəkkür ediblər.