Seçki-2024
Azərbaycanın gələcəyinə səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında seçicilərlə, sonra isə gənclər və o cümlədən, idmançı seçicilərlə görüşü keçirilib.
Tədbiri YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu deyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib.
Çıxış edən deputatlığa namizəd Eldar İbrahimov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Gücünü xalqdan alan partiya daim qalib gələcək”.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.