Seçki-2024
Gücünü xalqdan alan partiya daim qalib gələcək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun YAP Kəngərli rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə gedir. O, deputatlığa namizəd Siyavuş Novruzov haqqında seçicilərə məlumat verib.
Təşkilat sədri gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Siyavuş Novruzov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər: “Gənclərimiz xoşbəxt və firavan bir ölkədə yaşayırlar. Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində qarşıda mühüm hədəflər dayanır”.
Siyavuş Novruzov çıxışında gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.
Tədbirdə, həmçinin gənc seçici Əliəddin Əliyev və digərləri çıxış ediblər. Onlar 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün Siyavuş Novruzovun Şərur rayonu, Yuxarı Daşarx kənd mərkəzinin iclas zalında Dərəkənd və Yuxarı Daşarx kənd seçiciləri ilə də görüşü keçirilib.
S.Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.
Seçicilər, eyni zamanda, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, S.Novruzov Şərur rayonunun Yuxarı Daşarx kəndində şəhid Fərəcov Asəf Təvəkkül oğlunun və şəhid Əsədov Şövdü Məhəmməd oğlunun ailələrini də ziyarət edib.