Seçki-2024
Uğurlu siyasət milli maraqlara xidmət edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsinin seçicilər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Sevidov bildirib ki, Yeni Azərbaycan Partiyası dünya tarixində nadir hallarda rast gəlinən siyasi təşkilat kimi tariximizdə yer tutub.
Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Afət Həsənova çıxışında altıncı çağırış Milli Məclisin deputatı olduğu dövrdə uğurlu fəaliyyəti ilə bağlı vətəndaşların müraciəti əsasında həllini tapmış işlər barəsində seçiciləri məlumatlandırıb.
Görüş iştirakçıları çıxış edərək fəaliyyəti dövründə vətəndaşların yanında olduğuna görə Afət Həsənovaya öz minnətdarlıqlarını bildirib, təklif və müraciətlərini səsləndiriblər.
Həmçinin, A.Həsənovanın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Malik Mustafayev küçəsində seçicilərlə səyyar görüşü keçirilib.