Seçki-2024
Müdrik xalqın müdrik seçimi!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səməd Seyidovun rayonun Quşçu Ayrım, Məzəm, Dəmirçilər və Ürkməzli kənd seçiciləri ilə görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kurs nəticəsində əldə olunan nailiyyətlərdən, qazanılan möhtəşəm qələbələrdən ətraflı danışıb. O, qarşıdan gələn parlament seçkilərinin önəmi haqqında da fikirlərini bildirib. A.Nəbiyev Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağına böyük əminliyini ifadə edib.
Görüşdə çıxış edən deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verib. S.Seyidov mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, ölkəmizin beynəlxalq aləmdəki nüfuzundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan genişmiqyaslı uğurlardan, qarşıda duran hədəflərdən ətraflı bəhs edib.
S.Seyidov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.
Görüşlərdə təşviqat qrupunun üzvləri Bəsti Ələkbərova, Xatın Hüseynxanova, Elxan Abdullayev, Müqabil Məmmədov, Fərhad Qocamanov, Cavanşir Rüstəmov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədi Səməd Seyidovu dəstəkləməyə çağırıblar.
Çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.