Seçki-2024
Müqəddəs amallar uğrunda...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin YAP Yasamal rayon təşkilatının qərargahında Yasamal rayonu, Zahid Xəlilov küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir: “YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur. Bu partiyanın əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bu günkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq”.
Çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.
Görüş iştirakçılarından Rasim Nəbiyev, Əyyub Kərimov, Afaq Zeynalova və təşviqat qrupunun üzvü Şölət Zeynalov çıxış edib. Çıxışlarda ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.