Seçki-2024
Nəsimi seçicilərinin seçimi bəllidir
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında ağsaqqallar və ziyalı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. A.Süleymanov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirərək, partiyamızın indi də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Azər Süleymanov Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Elnur Rəhimov haqqında seçicilərə məlumat verib.
Tədbirdə deputatlığa namizəd Elnur Rəhimov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb.
Elnur Rəhimov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb. Namizəd deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbir iştirakçılarından Əzim Əliyev çıxış edərək YAP-ın uğurlu fəaliyyətindən danışıb, seçiciləri prtiyanın namizədinə səs verməyə çağırıb.
Seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.