Seçki-2024
Yeni hədəflərə çatmaq üçün…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Xaçmazın Qımılqışlaq və Müşkür kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə əzmi ilə iştirak etdiyini bildirib.
Deputatlığa namizəd Ağalar Vəliyev çıxışında bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb: “Hazırda başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir. Bu hədəflər YAP-ın seçki platformasında da öz əksini tapıb”.
Deputatlığa namizəd qarşıda dayanan hədəflərə çatmaq üçün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin Dərgah Abbasov, Rasim Rzaxanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.