Seçki-2024
Dayanıqlı inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin Gəncə şəhəri, Məhsəti qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bidirib ki, Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir: “Ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də Ümummilli Liderin ideyaları əsasında fəaliyyət göstərən, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq üçün müraciət edənlərin sayı günü-gündən artır. Partiya hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşır. YAP-ın bu seçkilərdə möhtəşəm qələbə qazanacağı heç kimdə şübhə doğurmur”.
Deputatlığa namizəd Pərvin Kərimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaşların böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirilib: “Təsadüfi deyil ki, ölkəmizdə sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli vətəndaşlar Yeni Azərbaycan Partiyasında təmsil olunmaları ilə qürur duyurlar”.
Tədbirdə təşviqat qrupunun üzvlərindən Cavid Bağırzadə, Eldar Mehdiyev və digərləri çıxış edərək, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Pərvin Kərimzadə seçicilərlə fərdi görüşlər də keçirib.