Seçki-2024
Etimad mühiti
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun YAP Göygöl rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb. O, qədirbilən Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduğunu və YAP-ın bugünədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib.
V.İsayev partiyanın hər zaman olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını qeyd edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.
O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP-ın xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini bildirib: “Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, YAP-ın Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırdırıb. Bu uğurların zirvə nöqtəsi isə torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası edilməsidir”.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Dilarə Qazıyeva, seçicilərdən Əminə Rəhimova, Dursun Qasımova, Eyvaz Həsənov, Tahir İsgəndərov və digərləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, K.Bayramov Göygöl rayonu, Şəhriyar, Kərəmli, Zurnabad və Gəncə kəndlərində də seçicilərlə görüşüb.