Seçki-2024
“Nümunəvi inkişaf yolu xalqımıza yeni qələbələr bəxş edəcək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonunun Şıxsalahlı kəndində seçicilərlə görüşü keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə həm Azərbaycanın, həm də onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlandı: “Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf yolu Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəltdi. Nümunəvi inkişaf yolu xalqımıza yeni qələbələr bəxş edəcək”.
Deputatlığa namizəd Kamal Cəfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi dövrü kimi həkk olunub, tarixi Zəfərimizin bünövrəsi qoyulub: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb. Ən əsası, 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası müasir dövlətçilik tariximizin şanlı səhifəsidir”.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.