YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İradəmizin təzahürü

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonu, Çuxanlı, Piratman, Gəncəli kəndlərinin və Qırx Çıraq qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib.

Tədbir iştirakçıları öncə Çuxanlı kəndində şəhidlərin xatirə kompleksini ziyarət ediblər.

Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib: “Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Bu partiyanın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Parlament seçkilərində YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur”.

Tədbirdə deputatlığa namizəd Sadiq Qurbanov Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan bəhs edib. Partiyanın seçki platforması barədə ətraflı danışan S.Qurbanov bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar əldə edilib.

S.Qurbanov qeyd edib ki, parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

Həmçinin, görüşdə şəhid atası Balaqardaş Əsədov, təşviqat qrupunun üzvü Avdi Həsənov, seçicilər Rafiq Heybətov, Mirzəbəy Atayev və digərləri çıxış ediblər. Qeyd olunub ki, sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sadiq Qurbanov rayonun Çuxanlı, Piratman, Gəncəli kəndlərində və Qırx Çıraq qəsəbəsində seçicilərlə fərdi görüşlər də keçirib.