Seçki-2024
“Yeni zirvələrə doğru gedirik”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin Ucar rayonu, Qaracallı kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir: “Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, sistemli və ardıcıl siyasəti sayəsində Azərbaycan regionda lider dövlətə çevrilib. Dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. YAP parlament seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir”.
Çıxış edən deputatlığa namizəd Ramil Həsən qeyd edib ki, YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi illər ərzində əhəmiyyətli uğurlara imza atıb: “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı torpaqlarını düşmən tapdağından azad edərək suverenliyini bərpa edən Azərbaycanın sosial-iqtisadi siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə daha da uğurla addımlamaq və bütün prosesləri müvəffəqiyyətlə həyata keçirmək üçün Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməliyik. Azərbaycan dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınıb. Buna görə də YAP seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir”.
Tədbirdə təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, şəhid atası Əli Vəliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yeniləşən, müasirləşən Azərbaycana yeni və müasir parlament lazımdır: “Elə bir parlament ki, Prezident İlham Əliyevin dərinləşən və genişmiqyaslı islahatlar kursuna adekvat fəaliyyət göstərsin, ölkəmizdə qanunun aliliyinin qorunması işinə hüquqi müstəvidə layiqli töhfələr versin”.
Qeyd edək ki, deputatlığa namizəd rayonun Qaracallı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Elşad Bədəl oğlu Tağıyevin və Vətən müharibəsi şəhidi Rəmal Şahin oğlu Gülüşovun ailələrini ziyarət edib.