Seçki-2024
Gəncəlilər yeni zəfərlər naminə YAP-ın namizədini dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Gəncə şəhərinin Dəmiryol Vağzalı adlanan ərazisində seçicilərlə növbəti görüşü olub.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyasının gördüyü işlər, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin xalqımızı Yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparmasından danışıblar.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Cəfərov ölkəmizin hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündəngünə yaxşılaşmasından bəhs edib. M.Cəfərov qeyd edib ki, Azərbaycan işıqlı və parlaq gələcəyə doğru inamla addımlayır. O vurğulayıb ki, yeni dövr Azərbaycana yeni uğurlar vəd edir.
Görüşdə çıxış edən seçicilər 1 sentyabr növbədənkənar parlament seçkilərində YAP – ın namizədinə səs verəcəklərini qeyd ediblər.