Seçki-2024
“Heydər Əliyev ideyaları xalqımızın milli sərvətidir!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Rəhimli, Uzunboyad, Şahnəzərli, Padar və Bor-Bor kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin siyasi sistemində aparıcı rola malik YAP-ın bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatıldığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndərin liderliyi ilə xalqın partiyası kimi yaradılan YAP ölkəmizin inkişafında müstəsna xidmətləri olan böyük siyasi idarəçilik məktəbidir: “Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənələr uğurla davam etdirilir. Xalqımızın milli sərvəti olan Heydər Əliyev ideyalarını Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə uğurla gerçəkləşdirir”.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Ağaşirin Bağırzadə və digərləri çıxış ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də 1 sentyabr - növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd M. Süleymanlı rayonun Bor-Bor kəndində Vətən müharibəsi şəhidi Əlikram Şahbazlının ailəsini də ziyarət edib.