Seçki-2024
Azərbaycanın nailiyyətlərinin dünya üçün örnəkdir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Binəqədi rayon təşkilatında görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, dövlətimizin bugünkü sürətli inkişafı, iqtisadi potensialımızın artması dövlətimizin daha da güclənməsinə, xalqımızın həyat şəraitinin yüksək səviyyəyə çatdırılmasına gətirib çıxarıb: “Dövlət başçısı, dünya miqyaslı siyasi lider cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dünyada söz sahibinə çevrilib, özünün müstəqil siyasəti ilə dünyanın aprıcı dövlətlərindən birinə çevrilib”.
Deputatlığa namizəd Səbinə Xasayeva çıxışında 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi tarixi zəfərə diqqəti yönəldərək ordu quruculuğu prosesinin yüksək səviyyədə aparıldığını və rəşadətli ordumuzun misli görünməmiş qalibiyyətə imza atdığını söyləyib. O, ölkə Prezidenti İlham Əliyevin siyasi kursunun nəticəsi olaraq Azərbaycanın nailiyyətlərinin dünya üçün əsl örnək olduğunu bildirib.
Çıxışının sonunda S.Xasayeva bütün seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə əsgər anası Vəfa Ələsgərova, seçicilər Səfər Ələsgərov, Səbinə Cabbarova və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP daim xalqla bir olub, öz siyasi fəaliyyətində xalqın maraqlarını və istəklərini ən ali amallarından biri hesab edib. Bu baxımdan partiyanın namizədləri Ulu Öndərin siyasi prinsiplərinə sadiq qalaraq onlara göstərilən etimadı doğruldublar.
Qeyd edək ki, deputatlığa namizəd, şəhid Elçin Əzizovun ailəsini ziyarət edib və Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi görüşlər keçirib.