Seçki-2024
YAP bütün sınaqlardan şərəflə çıxıb
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunun Böyük Söyüdlü, Qarabulaq, Caldaş və Çayqovuşan kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov yeni dövrün reallıqlarından və qarşıda duran hədəflərdən bəhs edərək Yeni Azərbaycan Partiyasının seçkilərə qələbə əzmi ilə qatıldığını bildirib.
Deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, partiya bu zamana qədər bütün sınaqlardan şərəflə çıxıb, xalqın partiyası kimi nüfuz qazanıb. Vurğulanıb ki, YAP yarandığı gündən ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: “Partiyamız daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərib”.
Təşviqat qrupunun üzvləri Nazim Hüseynli, Reyhan Yusubova və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər - Murat Virişanov, İsmayıl Məmmədov, Elçin Yusifov, Vidadi Osmanov və digərləri Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini vurğulayıblar.