Seçki-2024
“Partiyamızın hədəfləri xalqımızın milli məqsədlərini əks etdirir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun seçicilərlə görüşü keçirilib.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizin tarixi nailiyyətlərə imza atdığı vurğulanıb, bu uğurların zirvəsində möhtəşəm Zəfərimizin dayandığı qeyd olunub. O, qələbələrin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıb.
Deputatlığa namizəd Malik Həsənov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, yeni reallıqlar fonunda YAP-ın növbəti qələbəsi heç kimdə şübhə doğurmur: “Müstəqil dövlətimizi yeni zəfərlərə aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, mənafeyi naminə səy göstərir”.
Tədbirdə, həmçinin Malik Nəzərov, Ramiz Bəhrəmov, Rövşən Abdullayev və digərləri çıxış edərək YAP-ın xalqın partiyası olduğunu, dövlət maraqlarını daim üstün tutduğunu bildiriblər. “Partiyamızın hədəfləri xalqımızın milli məqsədlərini əks etdirir”, - deyə vurğulanıb.