Seçki-2024
Gücümüz etiraf edilir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Gülgün Kərimovun Ağstafa rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etibarını qazanıb. Vurğulanıb ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün parlament seçkilərində YAP-ın qələbəsi olduqca zəruridir. Qeyd olunub ki, xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, Milli Məclisə keçiriləcək seçkilərdə bu möhtəşəm siyasətin davamına səs verməlidir.
Çıxış edən deputatlığa namizəd Gülgün Kərimov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik tarixində mühüm yerə, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesində əhəmiyyətli rola malikdir. Vurğulayıb ki, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır.
O, seçiciləri Azərbaycanın gələcəyinə - dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Təşviqat qrupunun üzvləri Şəfəq Heydərli, Azadə Novruzova və Məmməd Məmmədov seçiciləri səsvermə günü fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar.
Seçicilər parlament seçkilərində fəal olacaqlarını, YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.