Seçki-2024
Xalqın YAP-a etimadı sonsuzdur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının öz payı, rolu var. YAP daim Azərbaycan dövlətinin, xalqının bugünü və gələcəyi üçün çalışıb və bunu atdığı addımları ilə təsdiqləyir.
Deputatlığa namizəd Pərvanə Vəliyeva Yeni Azərbaycan Partiyasının ölkəmizdə cərəyan edən bütün proseslərin mərkəzində dayandığını önə çəkərək qeyd edib ki, partiyanın seçki platformasında uğurlarımız və hədəflərimiz əsaslı şəkildə seçicilərə çatdırılıb. Seçki platformasında qeyd edildiyi kimi, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, təşviqat qrupunun üzvləri Mirfaiq Mirheydərli və Rafiq Nəcəfov, Elgiz Dadaşov, Rafael Sultanov, Elçin Muxtarlı, Vüsalə Şərifova, Ofeliya Adgözəlova və Firuzə Məşədiyeva Yeni Azərbaycan Partiyasına milyonların sevgisindən bəhs ediblər. Onlar seçiciləri 1 sentyabr - parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Pərvanə Vəliyeva Xətai rayonu, Araz Salmanov küçəsində yaşayan bir qrup sakinlə də görüşüb. Həmçinin 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə ən yaşlı seçici - 89 yaşlı Elmira Quliyevanın evində olub. Respublika Talessemiya Mərkəzində isə seçicisinin talessemiyadan əziyyət çəkən 4 yaşlı övladını ziyarət edib.