Seçki-2024
“Son 30 ildə dövlətçilik tariximizin ən böyük uğurlarına imza atmışıq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afaq Hacıyevanın YAP Sabunçu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, tarixi uğurlara imza atan Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə əldə olunan nailiyyətlər təqdirəlayiqdir. Azərbaycan son 30 ildə dövlətçilik tarixinin ən böyük uğurlarına imza atıb. Yeni dönəm isə xalqımıza yeni qələbələr vəd edir”.
Deputatlığa namizəd Afaq Hacıyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan möhtəşəm Zəfər qazanmaqla suverenliyini bərpa edib və parlament seçkiləri ölkəmizin bütün ərazilərini əhatə edəcək: “Azərbaycan öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Aparılan islahatlar nəticəsində əhalinin həyat şəraiti daha da yaxşılaşır, müəyyən edilmiş bütün hədəflər reallığa çevrilir”.
Çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu bildirərək daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.
Deputatlığa namizəd Afaq Hacıyeva Bakıxanov qəsəbəsinin Sakit Qocayev və Ülvi Bünyadzadə küçələrində yaşayan seçicilərlə də görüşlər keçirib.