Seçki-2024
Nərimanov seçiciləri YAP-ın namizədlərinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun Nərimanov rayonu, F. Yusifov 45 və A. Nemətulla 40 küçələrindəki ünvanlarda yaşayan sakinlərlə görüşü keçirilib.
Görüşdə deputatlığa namizəd Hikmət Məmmədov qarşıdakı parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağına əminliyini ifadə edib.
Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının seçki platforması haqda məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu da o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaqdır.
Hikmət Məmmədov hər kəsi seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərini dəstəkləməyə çağırıb.