Seçki-2024
“Partiyamızın şərəfli tarixinə daha bir qələbə səhifəsi yazılacaq”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında qadın seçicilərlə görüşü keçirilib.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Azərbaycan cəmiyyətinin böyük ruh yüksəkliyi ilə hazırlaşdığı parlament seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır: “Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb”.
Deputatlığa namizəd Eldar İbrahimov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Xalqımızın bütün zümrələri kimi, qadınlarımız da eyni mövqedən çıxış edirlər. Xalqımız güclü Azərbaycan dövlətinin sarsılmaz bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını yeni dövrdə məqsədyönlü şəkildə həyata keçirən cənab İlham Əliyevin dövlət başçısı olaraq uğurlu fəaliyyətinin real nəticələrini görür və yüksək qiymətləndirir. Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasına inanır, güvənir və öz dəstəyini ifadə edir. Şübhə yoxdur ki, partiyamızın şərəfli tarixinə daha bir qələbə səhifəsi yazılacaqdır”.
Eldar İbrahimov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Çıxış edən seçicilər uğurlarımızın davamı naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.