YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun YAP Kəngərli rayon təşkilatının qərargahında şəhid ailələri, müharibə veteranları, ziyalılar və ağsaqqallarla görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, 1 sentyabr - növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixində önəmli bir mərhələdir. O, yeni formalaşacaq parlamentin qalib, bütövləşən Azərbaycanın parlaq gələcəyi naminə yeni dövrün hədəflərini inamla və uğurla reallaşdıracağını əminliklə söyləyib.

Deputatlığa namizəd Siyavuş Novruzov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, beynəlxalq mövqeyin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb.

Tədbirdə, həmçinin şəhid atası Murad İsmayılov və digərləri çıxış edərək seçiciləri “Yeni dövrə yeni Azərbaycanla” şüarı altında YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Həmin gün Siyavuş Novruzov Şərur rayonunun Vərməziyar kənd mərkəzinin iclas zalında Vərməziyar, Xanlıqlar, Ələkli və Stansiya Daşarx kənd seçiciləri ilə də görüşüb.

Görüşdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Siyavuş Novruzov YAP-ın seçki platformasında qeyd edilən uğurlarımızdan geniş bəhs edib. O bildirib ki, Prezident, YAP Sədri İlham Əliyevin siyasətinin mərkəzində insan faktoru dayanır.

Görüşdə çıxış edən şəhid ataları Bahaddin Hətəmov və Səməd Vəliyev, təşviqat qrupunun üzvləri İsa Salmanov, Firudin Yaqubov və digərləri qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər.

Görüş zamanı sakinlərin təklifləri də dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.