Seçki-2024
Seçkilər xalqın birlik və həmrəyliyinin nümayişi olacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonu, Piyadalar və Qullar kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının öz uğurlu fəaliyyəti ilə etibarlı gələcəyimizin təminatında aparıcı rol oynadığını bildirib. O, qeyd edib ki, YAP xalqımıza qazandırdığı qələbələrlə milli maraqların və hərtərəfli tərəqqinin siyasi lokomotivi olduğunu sübut edib.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ideyaları xalqımızın məram və məqsədlərini özündə birləşdirir: “Bütün bu amillər YAP-ın xalq tərəfindən tam dəstəkləndiyini ifadə edir, partiyaya sevgi və inamı artırır. Buna görə seçkilərdə YAP-ın namizədlərinin qələbə qazanacağı heç kimdə şübhə doğurmur”.
Görüşlərdə təşviqat qrupunun üzvü Məhərrəm Şəfiyev, şəhid anası Mehparə Qəribova çıxış edib.
Həmçinin çıxış edən seçicilər Atlas Məmmədov, Şahin Quliyev, İlham Zeynalov və Hidayət Bağırov dövlətə sədaqətlərini Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə nümayiş etdirəcəklərini bildiriblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev rayonun Qullar kənd seçicisi Rəhman Babayevin evində olub, seçiciləri ilə görüşüb, həmçinin şəhid bulaq komplekslərini ziyarət edib.