Seçki-2024
YAP bundan sonra da ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəkdir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həcər Mirzəyevanın seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən bu günə qədər bütün seçkilərdən xalqımızın dəstəyi sayəsində qalibiyyətlə çıxıb: “Qarşıdan gələn növbədənkənar parlament seçkilərində də partiyanın qələbə qazanacağına şübhə yoxdur”.
Deputatlığa namizəd Həcər Mirzəyeva YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri Heydər Əliyev yolu ilə bağlıdır: “Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəkdir”.
Görüş iştirakçılarından Nazim Əliyev, Səbuhi Abdullayev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Seçicilər isə gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.