Seçki-2024
Mingəçevirlilərin seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. A.Mirzəzadə bildirib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.
A.Mirzəzadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Nurcamal Əsgərova, Şəhriyar Mustafayev və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, A.Mirzəzadə həmin gün “Heydər Əliyev prospekti 30” ünvanında yaşayan seçicilərlə məhəlli görüşlər də keçirib.