Seçki-2024
YAP gücünü xalqın dəstəyindən alır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin şəhətin Füzuli parkında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın qazandığı uğurlardan bəhs edib. O qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atan YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artır. Əminik ki, iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP qələbə qazanacaq”.
Sonra çıxış edən deputatlığa namizəd Musa Quliyev Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolundan, YAP-ın yarandığı dövrdən indiyə qədər Azərbaycanın tərəqqisi naminə çalışdığını diqqətə çatdırıb: “YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib. Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır”.
Tədbirdə təşviqat qrupunun üzvləri çıxış edərək YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamlarını ifadə edib, uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.