Seçki-2024
Qalib ölkənin gəncləri “Yeni dövrə yeni Azərbaycanla” davam edəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun gənc seçicilərlə görüşü keçirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbiri giriş sözü ilə açaraq seçki marafonuna “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyanın yüksək səviyyədə təşkil olunan təbliğat-təşviqat kampaniyası barədə məlumat verib. Müstəqillik tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan xalqının YAP-a olan inamından bəhs edən təşkilat sədri partiyanın bu seçkilərdə də mütləq qələbə qazanacağına əminliyini ifadə edib.
Deputatlığa namizəd Şahin İsmayılov çıxışında auditoriyanın gənclərdən ibarət olduğunu nəzərə alaraq ölkəmizdə həyata keçirilən gənclər siyasəti və YAP-ın bu prosesdə iştirakından danışıb. Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclərin qarşısında namizəd kimi çıxış etməkdən məmnun olduğunu ifadə edən Şahin İsmayılov daha sonra YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, qeyd edib ki, qalib ölkənin gəncləri “Yeni dövrə yeni Azərbaycanla” davam edəcək.
Tədbir seçki qərargahının üzvləri Bakir Həsənov, Əlikərəm Allahyarov və Niyaməddin Əsgərov, gənclərdən Vüqar Sadatlı, Babək Hacıyev və başqaları çıxışlarında bir sıra məsələlərə toxunub və seçiciləri partiyanın namizədinə səs verməyə dəvət ediblər.