Seçki-2024
Gənclərin seçimi YAP namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun YAP Şəki rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan Daşqın Mikayılov YAP sıralarında gənclərin böyük üstünlük təşkil etdiyini və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin də gənclərdən ibarət olduğunu deyib: “1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir”.
Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov bildirib ki, Azərbaycan gəncləri yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşır. Azərbaycan dövləti gənclik üçün firavan Azərbaycanı, onun gələcəyini qurur. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Görüşdə vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcəkdir.
İlk dəfə səs vermək hüququ qazanmış gənclər də bu əlamətdar seçkilərdə fəal iştiraka dəvət olunub.
Tədbirdə təşviqat qrupunun üzvü Rahim Həsənov və digərləri çıxış edərək Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olduğunu vurğulayıb və seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Çıxış edən seçici Tofiq Məmmədkərimov da 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəyini vurğulayıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.