Seçki-2024
Yeni dövrə yeni uğurlarla qədəm qoyuruq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin YAP Yasamal rayon təşkilatının qərargahında Yasamal rayonu, D.Bünyadzadə və Ü.Ələkbərov küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüşü giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanın yeni dövrə uğurlu transformasiyası və qarşıdakı yeni prioritetlərə uyğun tempdə inkişafın təminatı üçün yeni parlament seçkilərinin keçirilməsi zərurətdir: “Bundan əlavə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər və regiondakı yeni reallıqlar Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin keçirilməsində əhəmiyyətli mövqeyə malidir”.
O, deputatlığa namizəd Əli Quliyev haqqında seçicilərə ətraflı məlumat verib. Çıxışının sonunda B.Nəbiyev seçicilərə parlament seçkilərində fəallıq nümayiş etdirərək YAP-ın namizədinə səs verməyə çağırış edib.
Çıxış edən deputatlığa namizəd Əli Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Ə.Quliyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışıb, əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edib.
Görüşdə təşviqat qrupunun üzvlərindən Azad Rzayev, Tünzalə Zeynalova və Şölət Zeynalov çıxış edib. Onlar ölkəmizin əldə etdiyi Zəfərlərdən və növbədənkənar parlament seçkilərinin əhəmiyyətindən bəhs edib.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.