Seçki-2024
Yeni dövr Azərbaycana yeni uğurlar vəd edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin YAP Yevlax rayon təşkilatının inzibati binasında ilk dəfə səs verəcək seçicilərlə, həmçinin rayonun Aşağı Salamabad və Əcəmi kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Prezident, partiya Sədri İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti xalqımızı Yeni Azərbaycanla yeni hədəflərə doğru inamla, uğurla aparır.
Deputatlığa namizəd Əli Hüseynli qeyd edib ki, Azərbaycan dünyada sabitliyin, müstəqilliyin və təhlükəsizliyin hökm sürdüyü dövlətlər arasında ön sıralardadır: “Ölkəmiz hərtərəfli inkişaf edir və insanların rifah halı yaxşılaşır. Azərbaycan işıqlı və parlaq gələcəyə doğru inamla addımlayır. Yeni dövr Azərbaycana yeni uğurlar vəd edir”.
Görüşlərdə çıxış edən seçicilər vurğulayıblar ki, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Qeyd olunub ki, seçicilər yeni zəfərlər naminə YAP-ın namizədlərini dəstəkləyəcəklər.
Qeyd edək ki, deputatlığa namizəd həmin gün rayonun Ərəş, Əcəmi, Gülövşə və Salamabad kəndlərində yaşayan şəhid ailələrini ziyarət edib.